Türkiyəli basketbolçu Alperen Şengün "Hyuston Rokets"dəki çıxışı, Kevin Durantla münasibəti və sosial mediyanı tərk etməsi barədə konuşub.

Offsideplus.az xəbər verir ki, "Socrates Dergi"yə müsahibə verən 24 yaşlı mərkəz oyunçusu NBA ulduzu Kevin Durantla yaxşı münasibətdə olduğunu bildirib:

"KD ilə aramızda heç vaxt mübahisə olmayıb. Oyunlardan sonra tez-tez danışırıq, ondan məsləhət alıram: 'Nəyi səhv etdik? Səncə, harada axsadıq?' İkimiz də uduzmağı sevməyən insanlarıq".

Alperen baş məşqçi İme Udokanın mətbuat konfransındakı tənqidi fikirlərinə də münasibət bildirib:

"İme ilə çox yaxınam və nə demək istədiyini başa düşürəm. Məşqçi sadəcə vurğulamaq istəyirdi ki, müdafiəmi nə qədər inkişaf etdirsəm də, rəqiblər yenə mənə qarşı oynamağa çalışacaqlar. Təəssüf ki, sosial şəbəkələrdə bu məsələni başqa cür təqdim etdilər".

O, neqativ rəylər səbəbindən "X" (keçmiş Twitter) hesabını bağladığını qeyd edib:

"Uduzanda kənardan bizi bir-birimizə qarşı qoymağa çalışırdılar. Çox insan uğursuzluğumuzu görmək istəyir. Bura insanı psixoloji cəhətdən yoran təhlükəli bir platformadır, bu səbəbdən hesabımı sildim".