“Çempionatda ən yüksək yer uğrunda mübarizə aparacağıq”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında futbol üzrə Azərbaycanın I Liqasında çıxış edən “Mingəçevir"in yeni baş məşqçisi Ramiz Məmmədov deyib.
56 yaşlı mütəxəssis yeni klubunda qarşıya qoyulan hədəflərdən danışıb: “Demək olar ki, hər şeyi sıfırdan başlayacağıq. Yeni bir komanda formalaşdırmalıyıq. Ümid edirəm ki, öhdəsindən gələ biləcəyik. Yəqin ki, heyəti tam formalaşdırmaq üçün bizə 15-20 gün lazım olacaq. Komandanı qiyabi olaraq tanıyıram. Rəhbərlik oyunçuların bir çoxu ilə artıq vidalaşıb. Bundan sonra baxacağıq, kim uyğundursa, qalacaq. Həmçinin legionerlərlə də maraqlanırıq. Çox güman, yaxın günlərdə işləri yekunlaşdıracağıq”.
R.Məmmədov Premyer Liqaya vəsiqə qazanmaq istədiklərini söyləyib: “Premyer Liqaya çıxmaq uğrunda mübarizə aparacağıq. Bu hədəf üçün oynayacaq rəqiblərimizə də uğurlar arzu edirik, ancaq hazırda onlar məni maraqlandırmır. Çox məsuliyyətli bir yükün altına giririk. Fikrimcə, gördüyümüz işlər və təcrübə imkan verir ki, bu vəzifənin öhdəsindən gələk. Ümid edirəm ki, klub rəhbərliyinin etimadını doğrulda biləcəyik”.
Qeyd edək ki, "Mingəçevir" rəhbərliyi baş məşqçi postunda Füzuli Məmmədovla vidalaşıb.



