"Kardiff Siti"nin yeni transferi Emiliano Salanın yer aldığı təyyarənin radardan itdiyi barədə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, Fransanın Nantes klubundan "Kardiff Siti"yə keçən 29 yaşlı hücumçu yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə İngiltərəyə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına saat yarım qalmış radardan itib.
Təyyarə hava limanına gəlməyincə, onun axtarışına iki helikopter və bir neçə gəmi cəlb olunub. Normand adaları yaxınlığında aparılan axtarışlar nəticəsiz qalıb. Axtarışları həyata keçirən Qernzi adasının polis idarəsi açıqlama yayıb: "15 saatlıq axtarışlar nəticəsində suyun üzərində bəzi maddələr aşkarlandı. Axtarış və xilasetmə əməliyyatları günəş batdığı üçün dayandırılıb. Mövcud planımız sabah günəş doğanda axtarışlara davam etməkdir. Bu axşam başqa yenilik olmayacaq. Əgər onlar da suya eniblərsə, indiki ehtimala görə, təəssüflər olsun ki, həyatda sağ qalma şansları çox azdır".
Argentina mətbuatı Emiliano Salanın dostlarına göndərdiyi son səsyazmanı yayımlayıb: "Salam, kiçik qardaşlarım, necəsiniz? Yorğunluqdan ölürəm. Bu gün işlərimi həll etmək üçün Nantda idim. İşlərim bitmək bilmir. Kardiffə getmək üçün təyyarəyə mindim. Amma təyyarə sanki dağılacaq şəkildədir. Əgər saat yarım ərzində məndən bir xəbər almasanız... Məni axtarmaq üçün kimlərisə göndərəcəklərini bilmirəm, çünki məni bu vəziyyətdə tapa bilməzlər. Çox qorxuram".
Qeyd edək ki, daha öncə "Kardiff Siti"nin argentinalı futbolçudan ötrü klub üçün rekord sayılan 15 milyon funt sterlinq ödədiyi bildirilib. Onunla 2022-ci ilin yayına qədər müqavilə bağlanılıb.
(Goal.az)


