"Arsenal"ın cinah oyunçusu Bukayo Saka zədə səbəbindən ən azı altı həftə yaşıl meydanlardan uzaq qala bilər.
Offsideplus.az xəbər verir ki, futbolçu Çempionlar Liqasının "Bavariya" ilə keçirilən qarşılaşmasında (2:2) zədələnib. Sakanın dəqiq vəziyyətini müəyyənləşdirmək üçün əlavə MRT müayinəsi aparılacaq. Zədələnmiş əzələ ətrafında maye toplanması diaqnozun qoyulmasını çətinləşdirir. İlkin ehtimallara görə, Saka ən azı altı həftə oynamayacaq.
"Bir neçə əlavə müayinə aparmalı və mütəxəssislərin rəyini gözləməliyik. Oyunçu ağrı və hərəkət məhdudiyyəti səbəbindən meydanı tərk edirsə, bu, yaxşı əlamət deyil. Səbirli olmalıyıq ki, vəziyyətə yekun qiymət verə bilək. Sakanı daha bir MRT gözləyir, zədələnmiş nahiyədə xeyli maye toplanıb və bu, zədənin ağırlıq dərəcəsini müəyyənləşdirməyi çətinləşdirir. Sabah daha ətraflı məlumatımız olacaq", – deyə baş məşqçi Mikel Arteta bildirib.


