İngiltərəli yarımmüdafiəçi Endros Taunsend yaşadığı zədədən sonra bərpa prosesində qeyri-adi pəhriz tətbiq edib.

Offsideplus.az xəbər verir ki, "Tottenhem"in sabiq futbolçusu Tailand klubu "Praçuap"ın oyununda isinmə zamanı baş verən insidentdən sonra bədəninin tez sağalması üçün dərmanlardan istifadə etmədən, qidalanmaya üstünlük verdiyini bildirib. Taunsend qeyd edib ki, növbəti 24 saat ərzində orqanizminə lazım olan bütün qidaları qəbul etməyə çalışıb və "yemək dərmandır" prinsipinə sadiq qalıb.

Onun menyusuna altı yumurta, yaban mersini, soyuq sıxılmış zeytun yağı, çiy kakao, hisə verilmiş vəhşi qızılbalıq, pasterizə olunmamış süddən hazırlanmış pendir, portağal, pomidor, səkkiz saat bulyonda bişirilmiş toyuq pəncələri və kivi daxil olub.

Taunsend daha əvvəl Premyer Liqada çıxış etdiyi dövrdən bəri bir neçə ildir çiy ət yediyini və bu pəhrizin sağlamlığına heç bir zərər vermədiyini, əksinə, daha çox qida maddəsi əldə etdiyini vurğulayıb.