"YuTub" və FIFA arasında tarixi razılaşma əldə olunub.
Offsideplus.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatı ilə bağlı müqavilə çərçivəsində "YuTub" turnirin rəsmi platformalarından biri olacaq.
Razılaşmaya əsasən, Dünya Çempionatının hüquq sahibləri olan media partnyorları (TV kanalları və yayım platformaları) hər matçın ilk 10 dəqiqəsini öz YouTube kanallarında canlı yayımlaya biləcəklər. Bu, turnirin tarixində ilk dəfədir ki, belə bir imkan yaradılır.
Bundan əlavə, bəzi matçların tam şəkildə yayımlanması da real imkan daxilindədir – bu, gənc tamaşaçıları ənənəvi TV yayımına cəlb etmək üçün "vitrin" effekti yaradacaq.
FIFA, həmçinin öz geniş tarixi rəqəmsal arxivindən eksklüziv məzmun buraxacaq. Buna keçmiş Dünya Çempionatlarının tam matçları, nadir kadrlar və arxa plan materialları daxildir. Bu məzmun "YuTub"da və FIFA-nın rəsmi kanallarında mövcud olacaq.
FIFA bu razılaşmanı "oyunu dəyişən" adlandıraraq qeyd edib ki, "YuTub" vasitəsilə qlobal tamaşaçılara, xüsusilə gənc nəslə daha çox çıxış təmin ediləcək. Turnir 11 iyun – 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.


