Sabah Qaxda 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi başlanacaq.

Offsideplus.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi yarış Qax Olimpiya İdman Kompleksində keçiriləcək.

Turnirin ilk günü 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq.

İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaqlar. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə baş tutan “Qızlar Futzal Kuboku” yarışının ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır.

Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.