"Qarabağ" FK və "Azərxalça" ASC arasında milli irsimizin təbliği məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Offsideplus.az xəbər verir ki, İçərişəhərdə baş tutan tədbirdə sənədi klub prezidenti Tahir Gözel və "Azərxalça"nın rəhbəri Emin Məmmədov imzalayıblar. Razılaşmaya əsasən, Qarabağ brendini, Qarabağ atlarını və milli ornamentləri əks etdirən limitli xalça kolleksiyaları istehsal olunacaq və beynəlxalq bazara çıxarılacaq.
Tahir Gözel bu addımı milli kimliyin və dəyərlərin bir araya gəlməsi kimi qiymətləndirib. Emin Məmmədov isə hər iki qurumun Qarabağ həqiqətlərini dünyada fərqli sahələr vasitəsilə tanıtdığını vurğulayıb.
Mərasimdə iştirak edən baş məşqçi Qurban Qurbanov bu layihənin Azərbaycan mədəniyyətinin futbol auditoriyasına tanıdılmasında böyük rol oynayacağını bildirib.


