Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.
Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günündə milli komandamız daha bir medal qazanıb.
Belə ki, +80 kq-da mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb.
Görüş rəqibin 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından boksçumuz gümüş medalla kifayətlənib.
Bununla da, yığmamız Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub.
Yığmamız bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
Xatırladaq ki, bundan öncə boksçularımızdan Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnmişdi.
Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) isə bürünc medal qazanmışdılar.



