Azərbaycan boksçusu Əminə Tağı yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnib.

Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan xanım idmançımız bu uğura Serbiyanın Novi Pazar şəhərində keçirilən qitə birinciliyində imza atıb.

O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib - 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27).

Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Beləliklə, qızlardan ibarət milli komandamız Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

Oğlan boksçulara gəlincə, yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. S.Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.

Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanlı (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.