Azərbaycanın bədii gimnastika üzrə milli komandasının üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda uğurla çıxış ediblər.

Offsideplus.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top + 2 halqa ilə proqramda 25.150 xal toplayaraq gümüş medala layiq görülüb.

Gənclərdən ibarət qrup hərəkətləri komandası həm çoxnövçülük üzrə 44.000 xalla, həm də 5 halqa ilə proqramda 23.650 xalla iki bürünc medal qazanıb.

Fərdi proqramda çıxış edən Fidan Qurbanlıya gəlincə, o, gürzlərlə proqram üzrə gümüş medal əldə edib (25.866 xal). Digər fərdi gimnastımız Şəms Ağahüseynova isə lentlə çıxışında 25.299 xalla gümüş medalın sahibi olub.

Paralel olaraq, Fransanın Tuluza şəhərində aerobika gimnastikası üzrə beynəlxalq turnirdə yığmamızın üzvləri vətənə medallarla qayıdıblar.

Yarışda qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq qızıl medal qazanıblar.

Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15.118 xalla ikinci yeri tutaraq gümüş medala layiq görülüb.

Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16.250 xalla bürünc medalın sahibi olub.

Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçıları sırasında yer alıb.