“Qarabağ” məğlub olsa belə, çox layiqli və gözəl oyun sərgilədi”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda baş tutan “Napoli” – “Qarabağ” matçı haqqında fikirlərini bölüşüb:

“Xüsusilə də birinci hissədə təmsilçimiz inamlı görünürdü. Əslində, ilk dəqiqələrdən rəqibin təzyiqi gözlənilən idi. Ancaq biz əksini gördük. “Qarabağ” çalışırdı ki, rəqibə onun meydançasında təzyiq etsin. Bu da qarşı tərəfdə çaşqınlıq yaratmışdı. Bir sözlə, təmsilçimiz ilk yarıda daha inamlı görünürdü. İkinci hissədə fərqli bir oyun gördük. “Napoli” daha yaxşı oyun nümayiş etdirdi. Medinanın meydançadan çıxması müdafiədə müəyyən qədər disbalans yaratdı və bəzi boşluqlara səbəb oldu. Yekun hesaba baxmayaraq, deyə bilərik ki, meydançada bərabər səviyyəli oyun getdi”.

Qeyd edək ki, ötən gün İtaliyada baş tutan “Napoli” – “Qarabağ” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.