"Düşünürəm ki, ilk oyunda kifayət qədər yaxşı imkanlarımız və təhlükəli epizodlarımız oldu. Bununla yanaşı, “Sabah”ın xüsusilə təhlükəli göründüyü məqamları və güclü tərəflərini də nəzərə alırıq. Buna qarşı hazırlıq görmüşük və çalışacağıq ki, öz oyunumuzu ortaya qoyaq."

Offsideplus.az xəbər verir ki, bunu İsrailin “Hapoel” (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri cavab qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Sabah”ın heyətində yüksək səviyyəli futbolçular yer alır: “Onlar həm texniki, həm də sürət baxımından keyfiyyətli oyun nümayiş etdirirlər. Bütün bunları nəzərə alaraq, meydanda kifayət qədər diqqətli və ağıllı oynamalıyıq”.

İsrailli mütəxəssis komandasının cavab matçına ciddi şəkildə hazırlaşdığını bildirib: “Kimdən soruşsanız, cavab oyununa hesabda üstünlüklə çıxmağı seçər. Əlbəttə, müəyyən narahatlıq həmişə olur, amma mən oyuna öndə başlamağı üstün tuturam. Azarkeşlərin yaradacağı atmosfer və ev sahibi olmaq “Sabah” üçün böyük üstünlükdür. Bu, bizim öhdəsindən gəlməli olduğumuz əsas amillərdən biridir. Stadionun demək olar ki, tam dolacağı gözlənilir. Atmosferi nəzərə almışıq və meydanda buna uyğunlaşmalıyıq”.

Ran Kojux yaxın həftələr ərzində heyəti yeni futbolçularla daha da gücləndirməyə çalışacaqlarını da vurğulayıb: “Aydındır ki, komanda avrokuboklarda nə qədər irəli gedərsə, transfer etmək istədiyimiz futbolçular üçün bir o qədər yaxşı olar. Artıq bəzi oyunçularla danışıqlar aparırıq və Avropada oynamaq amili bizə kömək edə bilər”.

Baş məşqçi ailəsinin qarşılaşmanı tribunadan izləyəcəyini və bunun onun üçün əlavə motivasiya olacağını söyləyib: “Ailəmin burada olmasına çox şadam, onların dəstəyi mənim üçün vacibdir. Ümid edirəm ki, oyundan sonra qələbə sevincimizi birlikdə bölüşəcəyik”.

Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah” – “Hapoel” matçı keçiriləcək. Qarşılaşma saat 20:45-də başlayacaq. Tərəflər arasında səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.