"Gəncə" BK baş məşqçi Martin Knezeviçin "Esenler Erokspor"a məğlubiyyətdən sonra sosial şəbəkədə verdiyi açıqlamalara münasibət bildirərək onun iddialarını qəti şəkildə təkzib edib.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis oteldə liftin üç mərtəbə aşağı düşməsi səbəbindən beş basketbolçunun zədələndiyini, bu nüansa görə oyunun təxirə salınması üçün müraciət etsələr də, rədd cavabı aldıqlarını iddia etmişdi.
Klub rəhbərliyi bəyanat yayaraq oteldəki texniki nasazlığın dərhal aradan qaldırıldığını və heç bir oyunçunun xəsarət almadığını diqqətə çatdırıb. Qeyd olunub ki, adı çəkilən basketbolçulardan dördü matçda iştirak edib, digəri isə məhz məşqçinin qərarı ilə ehtiyatda qalıb. Eyni zamanda, oyunun təxirə salınması üçün heç bir quruma müraciət edilmədiyi vurğulanıb.
Rəhbərlik Knezeviçin bu addımını məğlubiyyətə bəhanə uydurmaq və peşəkar prinsipləri pozmaq kimi qiymətləndirib. Məşqçinin emosional vəziyyəti nəzərə alınaraq ona rəsmi xəbərdarlıq edilib.
Bu cür hal bir daha təkrarlanacağı təqdirdə, onunla müqaviləyə dərhal xitam veriləcək.


