"Basketbolçularımı təbrik edirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Absheron Lions"un baş məşqçisi Erhan Toker "Neftçi" üzərindəki qələbədən (107:86) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
"Son oyunlara köklənməyimiz bir qədər çətin oldu. Çünki artıq bir neçə tur öncədən müntəzəm mövsümdə tutacağımız yer bəlli olmuşdu. Udsaq və ya uduzsaq fərq etmirdi. Bu matçın əvvəlində müdafiədə konsentrasiyanı qoruya bilmədik. Rəqibə toxunmadan oynadıq. Belə olanda da "Neftçi" tərəfi asan xallar qazandı. Buna baxmayaraq onlara çatdıq və fasiləyə bərabərliklə yollandıq. İkinci hissə üçün komanda ilə danışdım . Daha yaxşı müdafiə olunmalı olduğumuzu bildirdim. Belə olanda hücumda da yaxşı oynadıq. Yekunda qalib gəldik. "Neftçi"də də məşqçi dəyişikliyi olub. Onlar da yaxşı komanda olduqlarını sübut etmək istəyirdilər. Düşünürəm ki, onsuz da liqada ən yaxşı komandalardan biridirlər. Bu matçın da ilk yarısında əla təsir bağışlamışdılar. İkinci yarıda isə komandamın oyunundan məmnun qaldım".


