NTD-nin basketbolçusu Zeyn Nouls klubun mətbuat xidmətinə geniş müsahibə verib.
Offsideplus.az xəbər verir ki, o, həm komandanın hazırkı durumu, həm də gələcək planları barədə fikirlərini bölüşüb:
"Absheron Lions"la qarşıdakı oyuna toxunan Nouls, meydana böyük enerji və özünəinamla çıxacaqlarını bildirib. O, "Sabah"la matçda yaxşı çıxış etsələr də, qələbə üçün bunun bəs etmədiyini, lakin komandasının potensialına inandığını vurğulayıb.
Liqadakı uzun fasilə zamanı iki yoxlama oyunu keçirdiklərini qeyd edən idmançı, bu müddətin oyunçular arasında anlaşmanı artırmaq baxımından faydalı olduğunu deyib.
NTD-ni seçməsində əsas amilin komandaya fiziki güc qatmaq istəyi olduğunu bildirən Nouls, sərt oyun tərzi ilə klubuna xeyir verəcəyinə əmindir.
Azərbaycan Basketbol Liqasında hələlik cəmi iki oyuna çıxdığı üçün geniş rəy verməkdən çəkinsə də, qarşılaşdıqları rəqiblərin səviyyəsinin yaxşı olduğunu qeyd edib.


