Azərbaycanlı şahmatçı Xaqan Əhməd Londonda komandalar arasında blits üzrə dünya çempionatında FIDE reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəldiyi partiyanı şərh edib. 

Offsideplus.az xəbər verir ki, rapid reytinqi 2290 olan 13 yaşlı həmyerlimiz təəssüratlarını Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlamasında bölüşüb.

“Komandalar arasında dünya çempionatı mənim üçün çox unudulmaz anlarla yadda qaldı. Bir gün əvvəl dünya reytinqində ikinci olan Hikaru Nakamuraya qarşı oynayacağım məlum olanda bütün komanda həyəcanlanmağa başladı. Nakamura ilə mübarizə bir qədər həyəcanlı start götürdü. Rəqib müəyyən səhvlərə yol verdi. Sonra Hikaru heç-heçə üçün vəziyyətdən çıxış yolu axtarmağa çalışdı. Oyunda müəyyən təzyiq hiss olunurdu. Etiraf edim ki, qələbə məni xoşbəxt etdi. Karyeramda belə güclü şahmatçı üzərində ilk qələbəm oldu. Ümid edirəm davamlı olar. Təəssüflər olsun ki, çıxış etdiyim “Türk Hava Yolları” komandası 1/8 finala vəsiqə qazana bilmədi”, - deyə X.Əhməd vurğulayıb.

O, Londonda birgə çıxış etdiyi komanda yoldaşlarına minnətdarlığını bildirib: “Kapitan Özgür bəyə və birgə çıxış etdiyim şahmatçılara təşəkkür etmək istəyirəm. Gənc şahmatçılardan formalaşan komandamızın nəticəsini yaxşı qiymətləndirirəm. Dünya çempionatında qazandığımız nəticələrlə yaxşı mənada səs saldıq".

X.Əhməd Azərbaycan çempionu Rauf Məmmədovun da dəstəyini xüsusi qeyd edib: "Nakamura ilə oyundan sonra məni təbrik edən hər kəsə çox sağ ol demək istərdim. Londonda başqa komandanın heyətində çıxış edən azərbaycanlı şahmatçı Rauf Məmmədovu partiyanı izləyənlər arasında görmək xoş hisslər yaratdı. Nakamura ilə partiya başa çatandan sonra məni ilk təbrik edən Rauf Məmmədov oldu. Ona görə də Azərbaycan çempionuna çox sağ ol demək istərdim”.