"Şamaxı”nın baş məşqçisi Azər Bağırov Offsideplus.az saytına müsahibə verib:

– Yeni klubunuza uyğunlaşma prosesi necə gedir?

– Uyğunlaşma prosesinin psixoloji tərəfi var. “Şamaxı”dakı şərait hər bir futbolçu və məşqçi üçün normadan da yüksəkdir. Klub rəhbərliyini uzun müddətdir tanıyırıq, bu baxımdan heç bir problem yoxdur. Futbolçular da psixoloji olaraq düzgün köklənsələr, əlavə heç nəyə ehtiyac qalmayacaq.

– “Şamaxı”da hər mövsüm köklü dəyişiklik olurdu – özünü göstərənlər daha yaxşı komandalara transfer olurdu, yenilər gəlirdi. Amma qəbul edək ki, bu mövsümkü dəyişiklik daha böyük oldu. Sizcə, gələnlər, gedenləri unutdura biləcək potensialdadır?

– Bəli. Bu il daha çox futbolçu komandanı tərk etdi. Özlərini yaxşı tərəfdən göstərib daha yaxşı təklifləri dəyərləndirdilər. Zaman göstərəcək ki, gələnlər gedənlərin yerini necə dolduracaq.

– Nə qədər güclü futbolçu getsə də, Rikardo Fernandeş, Edqar Adilxanov və bir neçə vacib fiqur komandada qalıb. Bu məqam sizi sevindirirmi?

– Əlbəttə, sevindirici məqamlar var. Edqar, Həbib, Oruc kimi gənclər komandadadırlar. İnşallah, daha yaxşı mövsüm keçirəcəklər.

– Gedənlərdən elə futbolçular oldu ki, qalması üçün danışıqlar apardınız, saxlamaq istədiniz, lakin alınmadı?

– Bəli, var idi. Saxlamaq istədiyimiz bəzi futbolçulara çox yüksək məbləğ təkliflər gəldi və ayrıldılar.

– “Şamaxı”nın hədəfi həmişə elitada qalmaq olub. Amma Ayxan Abbasov gələndən sonra kollektiv bu həyəcanı yaşamadan, tapşırığı olduqca erkən həll edirdi. Üzərinizdə belə bir məsuliyyət varmı ki, siz də çempionatda qalmağı daha erkən təmin edəsiniz?

– Zaman göstərəcək. Düzgün addımlar atıb komandanın yüksək pillələrdə olmasını təmin etməyə çalışacağıq.

– Ötən mövsüm “Kəpəz”də yerli futbolçularla nələr etdiyiniz hər kəsə bəllidir. “Şamaxı”da da yerlilərin sayı hədsiz çoxdur. Bu məqam sizi narahat etmir ki?

– Əksinə. Yerli futbolçularla işləmək xoşdur. Hər birimizin borcudur ki, ölkə futboluna töhfə verək. Azərbaycan futboluna xidmət etməliyik.

– Ötən mövsüm “Şamaxı”nın əvəzedici komandası çox qol buraxsa da, həm də çox qol vururdu. Deməli, hücum xəttində qol duyumu yüksəkdir. Əvəzedici heyətdə çıxış edən futbolçulardan Premyer Liqada debüt edənləri görə bilərik?

– Bunu da zaman göstərəcək. Potensiallı futbolçular var, Qəbələdəki təlim-məşq toplanışında onları gördüm. Vaxt keçdikcə əsas komandaya çağırıb daha ağır sınaqlara çəkəcəyik.

– “Şamaxı” azarkeşlərinə nə demək istərdiniz? Onlar bu mövsüm də çempionatda qalacaqlarına arxayın ola bilərlərmi?

– Premyer Liqada qalacağımıza inanıram. Meydanda maraqlı, hücumameyilli və rəngarəng oyun göstərəcəyik. Tədricən daha da yaxşılaşacağıq. Azarkeşlər yanımızda olsunlar, qalan hər şey qaydasına düşəcək.