"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin Offsideplus.az saytına müsahibəsini təqdim edirik.

- Marko, mövsüm başa çatmasa da, soruşmaq istəyirəm: Bu il sizin üçün necə keçdi?

- Bu ana qədər hər şey yolunda gedir, titula yiyələnmişik. Düzdür, hələ ki, daha bir missiyamız qalıb. Ümid edirəm ki, o da uğurlu olacaq.

- Fərdi performansınızı necə dəyərləndirərdiniz?

- Mənim üçün yaxşı mövsüm keçdi, komandada olmaqdan məmnunam. Ən vacibi "Qarabağ"ın hədəflərinə çatmasıdır. Mənim yalnız bir futbolçu kimi rolum var və komandamın daha yaxşı olması üçün görməli olduğum işlər var. Ümumi olaraq xoşbəxtəm. 

- 2023-24 mövsümündən sonra "Qarabağ" bu il avrokuboklarda uğurlu ola bilmədi...

- Bir mövsüm yaxşı olur, digəri olmur. Bu, futboldur. 

- Gələn mövsüm üçün hədəflər nədir?

- Növbəti mövsüm avrokuboklarda daha yaxşı çıxış etməyə çalışacağıq. Əvvəllər də dediyim kimi bu il Avropa Liqasında uğurlu olmadıq. Amma hər oyunda qalib gələ bilmərik. Başqa komandalar inkişaf edir, daha yaxşı performans sərgiləyir. Bu şərtlər altında mübarizə aparmaq çətindir. Daha yaxşı da ola bilərdi, daha pis də. İstənilən halda biz təcrübə qazandıq və ümid edirəm ki, bu, növbəti mövsüm bizə kömək edər.

- Cari mövsüm "Qarabağ"ı 1 sözlə ifadə etsəydiniz?

- Uğurlu.