Misli Premyer Liqasının XXVII turunun mərkəzi matçı “Sabah” və “Zirə” arasında baş tutub. Görüş heç-heçə başa çatıb - 2:2.
Oyunun nəticəsindən çox, matçın 43-cü dəqiqəsində baş verən bir epizod idman mediasında müzakirələrə səbəb oldu. “Zirə”nin legioneri İssa Cibrillanın Akim Zedadka ilə mübarizədən sonra yerdə qalması bir çoxlarında penalti təəssüratı yaratsa da, obyektiv baxış tam fərqli mənzərəni ortaya qoyur.
Videotəkrar görüntülərindən aydın olur ki, müdaxilə cərimə meydançasının hüdudlarından kənarda baş verib. Bundan əlavə, qaydalar çərçivəsində daha mühüm bir detal diqqətdən qaçırılmamalıdır: həmin hücum başlamazdan dərhal əvvəl Kahim Parrisə qarşı qayda pozuntusu qeydə alınmışdı. Bu isə o deməkdir ki, epizod hətta cərimə meydançasının daxilində yaşansaydı belə, əvvəlki kobudluq səbəbindən 11 metrlik cərimə zərbəsinin təyini mümkün deyildi.
Faktlar və təkrar görüntülər görüşün baş hakimi Tural Qurbanov ədalətli qərar verdiyini bir daha təsdiqləyir.
Sonda həmin epizodun video görüntüsünü də sizə təqdim edirik:


