İyunun 21-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsinin əsas tədbirində iştirak edəcək Xalil Rauntri mətbuat konfransında jurnalistlərin önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı döyüşçü əvvəlcə Azərbaycana gəlişindən, ümumi əhval ruhiyyədən söz açıb:
"Möhtəşəmdir. Bakının belə gözəl və qonaqpərvər olacağını düşünmürdüm. Hər kəs yaxşı davranır. Buranı heç vaxt unutmayacam. Bu qədər həyəcanlı azarkeşləri heç yerdə görməmişəm. Döyüşə 2 həftə qalmış Bakıya gəlmişəm. Burada xoşbəxt olmamaq mümkün deyil. Erkən gəldim ki, hər şeyin yaxşı olduğundan əmin olum".
O, Aleks Pereyraya qarşı son döyüşündən sonra hazırlığı barədə danışıb:
"Aleks Pereyraya qarşı döyüş istədiyim kimi olmadı. Ağır idi. Çox şey öyrəndim. Məşqə qayıtdım, bu döyüşə hazırlaşdım və şənbə gününə hazıram. Ən yaxşı versiyamı görəcəksiniz".
"Yeni şortunun olması təzyiq gətirir?" sualına Xalil belə cavab verib: "Təzyiq hiss eləmirəm. Xüsusi şortumun olması üçün özəl hiss edirəm. Çox adamda yoxdur. Bu, UFC-nin göstərdiyi minnətdarlıqdır. Burada uzun müddətdir döyüşürəm".
X.Rauntri "Qarabağ" klubunun formasını geyinməsinin ardındakı əhvalatı danışıb: "Qarabağ"ın formasını ticarət mərkəzindən almışam. Özüm üçün suvenir almaq istədim. Forma və papaq (araqçın) aldım".
"Son döyüş həm sənin, həm də Camal Hill üçün qanlı keçdi. Şənbə gecəsində necə bir döyüş bizi gözləyir?" sualına isə Xalil belə cavab verib:
"Üzümdə heç bir qan olamayacaq. Rəqibimdə ola bilər. Mənim üzümü indi necə görürsünüzsə, döyüşdən sonra da belə olacaq".