Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində son oyunu çərçivəsində İslandiya yığmasına 1:3 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında oyunu şərh edib:
"İlk olaraq azarkeşlərə təşəkkür etmək istəyirəm. Ab-hava möhtəşəm idi. Hesaba nəticəyə baxmayaraq sona qədər oyunçularımızı dəstəklədilər. Oyuna gəlincə evdə futbolçular inamlı oynamaq istəyirdilər. Bu gün daha rahat idik. Fransaya qol vurmaq daha çətindir. Rəqib standart vəziyyətlərdə çətinlik yaradırdı. Şahruddin zədələndi. Son oyunlara görə futbolçulara təşəkkür edirəm. Əzmkarlıq göstərdilər. Nəticə istəyiriksə, vaxt önəmlidir, səbr etməliyik. Həqiqəti demək lazımdır ki, itkilərimiz çox idi. İndi futbolçular da qazandıq. Ümumi olaraq bu tsikl bitdi, irəli baxacağıq".
A.Abbasov Millətlər Liqasının seçmə mərhələsində milli komandanın sükanı arxasında olub-olmayacağını qeyd edib:
"İnşallah. Dediyim kimi səbr etməliyik. Ukrayna ilə oyun öncəsi az vaxtımız vardı. Futbolçuları inandırmaq, bu komandalarla mübarizə aparmaq çətin idi. Nəyəsə nail olmaq istəyiriksə, vaxt lazımdır. Qarşıdakı günlərdə verdiyiniz suallara cavab tapılar".
Qeyd edək ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.



