Bu gün saat 20:00-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Çexiya ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, oyundan öncə yığmanın baş məşqçisi Rəşad Eyyubov jurnalistlərin suallarını cavablandırıb.
"Hər bir məşqçinin öz oyun tərzi, fəlsəfəsi var. İstəsən belə başqa məşqçini təkrarlaya bilməzsən. Düzdür, bəzi taktiki gedişlər bizdə eyni qalır. Lakin oyun içində detallar fərqli olacaq. Portuqaliya və Bolqarıstanla oyunlara yaxın bir heyət olacaq. Rəqibi analiz edərək, Çexiyaya uyğun bir heyət seçmişik. Heyətdən razıyam, yaxşı futbolçularımız var. İnanıram ki, həmin futbolçular gələcəkdə çempionatımızda daha da parlaq ola bilərlər. Onlar milli komandaya da çata bilərlər", deyə o qeyd edib.
R.Eyyubov gənc futbolçuların oyun praktikası ilə bağlı ünvanlanan sualı belə cavablandırıb:
"İstəyərik ki, hər bir futbolçumuz klubunda aparıcı oyunçu olsun. Lakin reallıq budur, oyun praktikaları azdır. İnanırıq ki, bu, bizə problem yaratmayacaq".
Qeyd: Jurnalistlərin Çexiya səfəri “Misli” və AFFA-nın dəstəyi ilə həyata keçirilib.



