Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş jurnalistlərin önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə "Qarabağ"ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmağı münasibətilə təbrik edib:
"İlk öncə "Qarabağ"ı təbrik etmək istəyirəm. ÇL-nin əsas mərhələsinə vəsiqə qazandılar. Düşünürəm ki, bu, "Qarabağ" üçün çox vacib bir nəticədir. Başda Qurban Qurbanov olmaqla, bütün "Qarabağ"ı təbrik etmək istəyirəm. Əlbəttə ki, bu uğur Azərbaycan üçün böyük nailiyyətdir. Avropdada hər kəs bir müddət "Qarabağ" və Azərbaycan haqqında danışacaq".
O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna ilə qarşıdan gələn oyunları dəyərləndirib:
"Vacib sualdır. Bizi qarşıda heç də asan oyunlar gözləmir. İslandiya uzun müddətdir ki, eyni futbolçularla çıxış edir. Demək olar ki, bütün futbolçualrı ölkə xaricində oynayır. Təcrübəli, keyfiyyətli oyunçulardır. Elə bir komandadır ki, arxada hücumlar qurmağıı çox yaxşı bacarırlar. Topsuz olanda meydanda aqressiv çıxış edirlər, topu geri qaytarmağa çalışırlar. Mən və köməkçilərimlə birgə rəqibi təhlil etmişik, hansı oyun üslubunda olduqlarını analiz etmişik. Rəqibin güclü tərəflərini çıxarmışıq, eyni zamanda zəif tərəflərini də bilirik. Komandamızı bu oyuna yaxşı hazırlayacağıq. Rəqib "4-2-3-1" sxemi ilə çıxış edir, hücumda "4-3-3"ə keçirlər. Onların oyun dinamikasını təhlil etmişik. İntensiv bir komandadır, buna baxmayaraq, yaxşı rəqibdir.
Ukraynaya gəlincə, güclü yığmadır, rəqibdir. Bu iki oyundan biri səfərdir. Uzun səfərdir, ora tez yollanıb, yerləşmək qərarı vermişik. Bu da oyunçulara təsir edə bilər. Aramızda 4 saat fərq var. Ümumi qeydlər var ki, bu uzun səfərdən sonra oyunçu özünə gəlsin. Buna görə də daha tez uçmağa qərar vermişik. Sonra evdə oyunumuz olacaq. Azarkeşlərin bizə dəstək olacaqlarına güvənirik. Son yoldaşlıq görüşləri və milli komandanın toplanışlarından deyə bilərəm ki, istəklidirlər. İstədiyimiz nəticəni əldə edə bilərik. Son məşqlərdə futbolçular istəkli idilər, ümid edirəm ki, eyni ritmdə davam edəcək. Mən, futbolçular və bütün Azərbaycan xalqı qələbə gözləyir".
70 yaşlı mütəxəssis legioner limitinin ləğvi qərarına münasibət bildirib:
"O məsələnin mənə aidiyyəti yoxdur. Mən sadəcə olaraq baş məşqçiyəm və öz işimi görürəm. Qalan işə rəhbərlikdə olan şəxslər qərar verir. Bir ölkəni başqa ölkə ilə müqayisə edə bilmərik. Portuqaliyada legioner limiti yoxdur, 11 əcnəbi futbolçu çıxış edə bilər. Çoxlu yerli futbolçuları var ki, xaricdə oynayır".
Portuqaliyalı çalışdırıcı Bədavi Hüseynov və Mehdi Cənnətovun yığmaya dəvət almamasına münasibət bildirib:
"Bədavini çox istəyirəm, böyük hörmətim var. Lakin oynamadığı üçün düşərgəyə dəvət almadı. Lakin bu son deyil. Milli komandaya köməyi dəyəcək futbolçuları dəvət etmişik. Əlbəttə ki, rəqabət aparmayan futbolçu məni narahat edə bilər. Baş məşqçi olaraq, bütün futbolçuların oyun təcrübəsinin olmasını istəyirəm. Bu ssenari ilə davam edib, çalışmaq istəyirəm. Əlimizdə olan bu material ilə çıxış etməyə çalışacağıq. Düşünməməliyik ki, çox və ya az oynayır. Analizlər edirik, oyunları izləyirik. Mehdi Cənnətovun passportla bağlı problemləri vardı. Məhz passport problemlərinə görə dəvət ala bilməyib".
F.Santuş "Qarabağ"ın ÇL-dəki rəqiblərini dəyərləndirib:
"Sözsüz ki, asan olmayacaq. Açıq aşkar çətin rəqiblər "Qarabağ"a qarşı oynayacaq. Komanda layiqli şəkildə ora gəlib çıxıb və əllərindən gələni edəcəklər. Xal barədə şərh verə bilmərəm".



