Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla səfər matçından heç-heçə ilə ayrılıb.
Offsideplus.az xəbər verir ki, U-21 yığmamızın baş məşqçisi Rəşad Eyyubov qarşılaşmadan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandasının çıxışını müsbət qiymətləndirib. Mütəxəssis qolsuz bitən oyunu belə şərh edib:
"Bu gün meydanda fəal tərəf biz idik. Futbolçular öz güclərini və potensiallarını aydın şəkildə nümayiş etdirdilər. Sevindirici haldır ki, uşaqlar nə rəqib amilindən, nə də tribunadakı atmosferdən çəkinmədilər. İlk yarıda topa nəzarət tam bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artsa da, bu, gözlənilən idi. Hesab edirəm ki, qeydə alınan bərabərlik oyunun ədalətli nəticəsidir. Komandada gördüyüm müsbət məqamlar gələcəyə ümidlə baxmağa əsas verir".
Qeyd edək ki, U-21 qrupdakı növbəti sınağına sentyabrın 25-də çıxacaq. Komandamız doğma meydanda Çexiya seçməsini qəbul edəcək.


