"Sabah" Azərbaycan Basketbol Liqasının A qrupunda liderliyi vaxtından əvvəl təmin etsə də, müntəzəm mövsümün sonuncu turunda "Abşeron Lions ilə matçda da inamlı qalibiyyət əldə edib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis 105:72 hesablı qələbə ilə başa çatan görüşdən sonra klubun mətbuat xidmətinə açıqlama verib. Təcrübəli mütəxəssis komandasının oyuna yanaşmasını belə dəyərləndirib:

"Turnir cədvəlindəki yerimiz bəlli olsa da, bu qarşılaşmaya maksimum köklənmişdik. Həm oyunçu, həm də məşqçi təcrübəmə əsasən deyə bilərəm ki, pley-off mərhələsinə uğurlu hazırlaşmaq üçün son turlar böyük əhəmiyyət kəsb edir. Basketbolçulardan bu görüşə ciddi yanaşmağı tələb etmişdim. Rəqib komandanın əsas oyunqurucusu Freyzer meydana çıxmasa da, "Abşeron Lions" yaxşı mübarizə nümayiş etdirdi".

Qeyd edək ki, "Sabah" A qrupunun lideri kimi birbaşa 1/4 finala vəsiqə qazanıb.