İspaniya nəhəngi "Real Madrid"də sular durulmaq bilmir.

Offsideplus.az xəbər verir ki, klub daxilindəki gərginlik və gözlənilən nəticələrin alınmaması rəhbərliyi radikal addımlar atmağa vadar edib. "Santiaqo Bernabeu"dan sızan son məlumatlar komandada böyük bir təmizliyin və dəyişikliyin anonsunu verir.

​Prezident Florentino Peres komandanı yenidən ayağa qaldırmaq üçün əfsanəvi Zinəddin Zidanı geri gətirməyə çalışsa da, bu cəhd uğursuzluqla nəticələnib. Məlum olub ki, fransız mütəxəssis artıq Fransa milli komandası ilə prinsipial razılıq əldə edib və bu səbəbdən klubun təklifini geri çevirib.

​Mövsümün əvvəlində komandanın əvəzolunmaz simaları hesab olunan Vinisius Junior, Kilian Mbappe və Cud Bellingem ətrafındakı "toxunulmazlıq" qalxanı yox olub. Sahə daxilindəki uyğunsuzluq və gözləntilərin aşağı qalması rəhbərliyi bu ulduzların statusuna yenidən baxmağa məcbur edib.

​Xəbərin ən böyük sürprizi isə Eduardo Kamavinqa ilə bağlıdır. Gənc istedad gözlənilmədən satış siyahısına əlavə edilib. Bu qərarın arxasında taktiki intizamsızlıq və ya heyətdəki "Fransız koloniyası"nın təsirini azaltmaq istəyinin dayandığı iddia olunur.

​"Kral Klubu" hazırda komandaya rəhbərlik edəcək, nəticəyə fokuslanan və ən əsası ulduz futbolçuların eqolarını idarə edə biləcək təcrübəli bir mütəxəssis axtarışındadır. Peres və idarə heyəti artıq bir neçə namizədlə danışıqlara başlayıb.