Bolqarıstanın Samokov şəhərində keçirilən 20 yaşadək güləşçilər arasında dünya çempionatının 7-ci günü baş tutub.
Offsideplus.az xəbər verir ki, bu gün daha 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.
Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin mübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb. Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova “tuş”la uduzub.
Tural Əhmədov (63 kq) hindistanlı Qaurav Qaurava ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib. Amma 1/4 finalda eyni qaydada qazaxıstanlı Damir İbraşova (1:1) məğlub olub. Davud Məmmədov (77 kq) təsnifat mərhələsində ermənistanlı Samvel Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
Orxan Hacıyev (87 kq) moldovalı Kristian Rusuya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda rusiyalı Abduraxman Abdulkadirova “tuş”la uduzub. Məzaim Mərdanov (130 kq) polşalı Mateuş Biençakla (tuş) ermənistanlı David Baqramyanı (8:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq 1/4 finalda türkiyəli Cemal Bakıra 3:4 hesabıyla məğlub oldu.
Qeyd edək ki, Orxan və Məzaim sabah təsəlliverici görüşə çıxacaqlar.
Beləliklə, dünya çempionatında medallarımızın sayı 8-ə çatıb. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.



