Almaniyanın tanınmış sabiq futbolçusu Lothar Matteus 'Bavariya'da Cəmal Musialanın səhhəti və oyunu ilə bağlı klub rəhbərliyinin açıqlamalarına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Matteus Musialanın son aylarda iki qarşılaşmada səhhətində problem yaşadığını və tibbi müdaxiləyə ehtiyac duyduğunu xatırladıb. O qeyd edib ki, Musialada qısa müddətli, asanlıqla müalicə olunan nevroloji pozuntu aşkarlanıb və dərmanlarla vəziyyət nəzarət altına alınıb.
Matteus bildirib: "Musialanın ətrafında yaranan vəziyyət 'Bavariya'nı parçalayır. Bu, klubun son illərdə üzləşdiyi ən ciddi problemlərdən biridir. Klub rəhbərliyinin və xüsusilə Uli Henessin açıqlamaları zərər verir. Komanda yoldaşları sosial şəbəkələrdə yayılan fikirlərə reaksiya veriblər. Əgər mən Musialanın yerində olsaydım, düşünərdim ki, bu gün bu problem Cəmalda yaşanırsa, sabah mənim başıma da gələ bilər. Klub rəhbərliyi daha ehtiyatlı olmalıdır. Söhbət böyük məbləğdə pullardan və yüksək maaşlı futbolçunun müqaviləsindən gedir. Müqavilənin hansı şərtlərlə imzalandığı məlum deyil və bu qeyri-müəyyənlik hər kəsə ziyan vurur."
Matteus əlavə edib ki, Musialanın xəstəliyinin klub rəhbərliyinə müqavilə imzalanandan yalnız dörd ay sonra məlum olduğu barədə məlumatı var. O, həmçinin qeyd edib ki, hazırda tərəflər arasında danışıqlar davam edir və əsas məqsəd Musialanın tezliklə sağalaraq əvvəlki səviyyəsinə qayıtmasıdır. Matteus vurğulayıb ki, baş məşqçi Vensan Kompani və klubun digər rəhbərləri Musialaya tam dəstək göstərir və bu vəziyyət 'Bavariya' üçün ciddi sınaqdır.
Sonda Matteus bildirib ki, klub uzun müddət Musialanın xəstəliyini mediadan gizlətməyi bacarıb, lakin indi yaranan vəziyyət klub daxilində gərginlik yaradıb.


