"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov karyerasında 500-cü qələbəsini bayram edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin yubiley qalibiyyəti ötən gün baş tutan "Ayntraxt"la oyuna təsadüf edib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Q. Qurbanov 500 qələbənin 471-ni "Qarabağ"ı çalışdırarkən əldə edib. O, 25 qalibiyyətə "Neftçi"də, 4-nə isə Azərbaycan yığmasında imza atıb.
Klub karyerasındakı 496 qələbədən 78-i avrokuboklarda qeydə alınıb.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk zəfərini 2006/2007 mövsümündə "Neftçi"yə rəhbərlik edərkən qazanıb. Həmin il avqustun 6-da "Gənclərbirliyi"ni qəbul edən paytaxt klubu rəqibini darmadağın etmişdi – 6:1.


