"Qarabağ" "Ayntraxt"ı məğlub edərək Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək ehtimalını çox artırıb.
Offsideplus.az xəbər verir ki, onlar hazırda 10 xalla 18-ci yerdədir. Top fərqi mənfi 2-dir.
Ağdam təmsilçisi son turda "Liverpul"la qarşılaşacaq.
Bu qarşılaşmada Qurban Qurbanovun komandası qələbə qazanarsa, digər oyunların nəticəsindən asılı olmayaraq pley-offa çıxacaqlar.
Heç-heçə qeydə alınsa, "Napoli" və "Kopenhagen" böyükhesablı qələbə qazanmasa, bu da təmsilçimizi növbəti mərhələyə aparacaq.
"Napoli" son turda "Çelsi"ni qəbul edəcək, "Kopenhagen" isə səfərdə "Barselona"nın qonağı olacaq.
"Qarabağ" məğlub olsa, təkcə bu iki komandanın oyununa yox digər komandaların da oyunlarına nəzər salmalı olacağıq.
Ağdam klubunu son turda keçə biləcək komandalar bunlardır: "Bayer" (Leverkuzen), "Monako", PSV, "Atletik" (Bilbao) və "Olimpiakos"dur.
Burada 9 xalı olan "Marsel" və 7 xalı olan "Brügge"ni qeyd etməməyimizin səbəbi bu iki klubun bir-birinə qarşı oynamasıdır.
Onlardan biri mütləq "Qarabağ"dan aşağıda bitirəcək.
"Monako" evdə "Yuventus"u, PSV isə "Bayern Münhen"i qəbul edəcək. "Bayer" isə liqada heç bir iddiası qalmayan "Vilyarreal"la qarşılaşacaq. "Atletik" Bilbaoda "Sportinq"lə üz-üzə gələcək. "Olimpiakos" isə Amsterdama səfər edəcək və "Ayaks"ın qonağı olacaq.
Araşdırmalara görə, Qurban Qurbanovun yetirmələrinin növbəti mərhələdə olmaq ehtimalı 99.5 faizdir.
Ağdam təmsilçisi "Liverpul"a böyükhesabla məğlub olmadığı təqdirdə, növbəti mərhələyə yüksələcək. Hətta bu halda belə, "Qarabağ"ın şansı az deyil.
"Qarabağ" məğlub olarsa, 10 xal ilə liqanı başa vuracaq "kəhər atlar" digər matçların nəticələrini gözləməli olacaq. Turnir cədvəlində 25-27-ci yerdə qərarlaşan komandalar məğlub olarsa, "Qarabağ" liqanı ən azı 24-cü yerdə bitirərək pley-offa çıxa biləcək. Digər halda "Qarabağ" 19-24 yerdə qərarlaşan komandalardan ən azı 3-nün xal itirməsinə ümid etməlidir.
Qeyd edək ki, Çempionlar Liqasında sonuncu - 8-ci turun oyunları 28 yanvardan 29 yanvara keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bütün qarşılaşmlar eyni vaxtda başlayacaq.
17. "Qalatasaray" (10 xal) - Top fərqi: 0
18. "Qarabağ" (10 xal) -2
19. "Marsel" (9 xal) 0
20. "Bayer" (9 xal) -4
21. "Monako" (9 xal) -6
22. PSV (8 xal) +1
23. "Atletik" (8 xal) -4
24. "Olimpiakos" (8 xal) -5
25. "Napoli" (8 xal) -5
26. "Kopenhagen" (8 xal) -6
27. "Brügge" (7 xal) -5


