Dünya Kubokunun başlamasına cəmi bir neçə həftə qalmış Lionel Messinin zədələnməsi Argentina millisində ciddi narahatlıq yaradıb.
Offsideplus.az xəbər verir ki, "İnter Mayami" klubunun bazar ertəsi yaydığı bəyanatda 38 yaşlı ulduzun sol ayaq ardı əzələsində həddindən artıq yorğunluq və gərginlik aşkarlandığı bildirilib.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi və iyunun 11-də start götürəcək Dünya Kuboku öncəsi klub onun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə dəqiq vaxt açıqlamayıb.
Messi son olaraq komandasının "Filadelfiya"ya 6:4 hesabı ilə qalib gəldiyi matçın 73-cü dəqiqəsində ağrılar səbəbindən meydanı vaxtından əvvəl tərk etmişdi.
Qızıl topun 8 qat qalibinin durumunun qeyri-müəyyən qaldığı bir vaxtda tanınmış insayder Fabrisio Romano azarkeşlərin ürəyinə su səpib. O, Messinin Dünya Kubokuna qədər tam hazır olacağını bildirib.


