"Bank Respublika" ilə Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbirdə çıxış edən “Bank Respublika”nın İdarə Heyətinin yeni sədri Tariyel İsmayılov bildirib ki, təmsil etdiyi qurum idmana daim diqqət göstərir: "Ölkənin aparıcı banklarından biri olaraq ölkənin ictimai həyatında da iştirak etmək bizim üçün önəmlidir. Burada idmanın da xüsusi yeri var. Azərbaycan, eləcə də dünya idmanında sözünü demiş idmançılar bu tədbirdə iştirak edirlər. Onlara illər boyunca bizə yaşatdıqları xoş emosiyalara görə təşəkkür edirəm. "Bank Respublika" üçün idman önəmlidir. Biz illərdir ki, Azərbaycan idmanına dəstək olmağa çalışırıq".

Daha sonra T.İsmayılov bankın yeni siması Rafael Fiziyevlə əməkdaşlıq barədə danışıb: "UFC-də Azərbaycan idmançısının çıxış etməsi çox sevindiricidir. Fiziyev UFC-nin ən parlaq döyüşçülərindən biridir. Bu gün biz onunla 1 illik müqavilə imzalayacağıq. Düşünürəm ki, bu, yalnız 1 illə məhdudlaşmayacaq, gələcəkdə daha uzunmüddətli tərəfdaşlığa çevriləcək".

Ardınca əməkdaşlığa dair videoçarx nümayiş olunub.

 Rafael Fiziyev də çıxışında əməkdaşlığın önəmindən söz açıb: "Hamı burada elə rəsmi görünür ki, elə bildim şənbə günü döyüşə çıxacam. Amma indi istirahətdəyəm və şadam ki, irəlidə döyüşüm yoxdur. Sevdiyim işi görməyimin müqabilində sizlərin dəstəyi mənə həmişə xoşdur. Diqqətinizə və sevginizə görə təşəkkür edirəm".

Sonra tərəflər arasında müqavilə imzalanıb.

Sual-cavab sessiyasında R.Fiziyev qonaqların suallarını cavablandırıb.

Rəsmi hissə bitdikdən sonra tədbir bədii hissə ilə davam etdirilib.