"Lill"in heyətində keçmiş klubu "Arsenal"ın qonağı olmağa hazırlaşan 39 yaşlı təcrübəli hücumçu Olivye Jiru qarşılaşma öncəsi duyğularını bölüşüb.
Offsideplus.az xəbər verir ki, fransalı ulduz "Emirates" stadionuna hər dəfə addım atarkən böyük həyəcan və qürur hissi keçirdiyini vurğulayıb:
"Ora tamamilə duyğularla dolu olacaq. Hər dəfə oraya qayıdanda bu, mənim üçün əsl zövqdür və karyeramın son ilində 'Lill' ilə birlikdə yenidən 'Emirates'də oynayacağım üçün çox xoşbəxtəm."
2012–2018-ci illər arasında London təmsilçisinin şərəfini qoruyan Jiru keçirdiyi 253 matçda 105 qol vurub və 3 dəfə FA Cup kubokunu başı üzərinə qaldırıb.
Keçmiş komanda yoldaşı Mikel Artetanın "Arsenal"ı çempionluq səviyyəsinə qaldırmasını yüksək qiymətləndirən Jiru ispan mütəxəssisin hələ futbolçu olduğu dövrdən liderlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.


