"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında "Real Madrid"lə qarşıdakı cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis ilk oyundakı 0:3 hesablı məğlubiyyəti kompensasiya etmək üçün oyunçularını inandırmağa ehtiyac duymadığını bildirib:
"10 ildən sonra hələ də bəzi futbolçularımı nəyəsə inandırmalıyam? Onlar məni yaxşı tanıyırlar. Hər matçda sona qədər mübarizə aparırıq, bu oyun da istisna olmayacaq. Onlar bunu etməlidirlər. Futbolçularımın əllərindən gələni edəcəklərinə əminəm. Heyətimizdə belə vəziyyətlərlə ilk dəfə qarşılaşan yeni oyunçular olsa da, bu, inanılmaz bir təcrübə və fürsətdir.
Bu, futboldur, hər şey ola bilər. Əsas diqqətimizi ilk növbədə qalib gəlməyə yönəltməliyik, sonra gedişata baxacağıq. Xüsusi bir planım yoxdur, sadəcə cəhd edəcəyik".


