Avroliqa rəhbərliyi 2027/28 mövsümündən etibarən turnirdə iştirak edən komandaların sayının 24-ə çatdırılacağını rəsmi olaraq təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, Leyk Komoda təşkil olunan iclasda liqaya qoşulacaq yeni françayzlar barədə yekun qərar qəbul edilməyib.
İclasın diqqətçəkən məqamlarından biri NBA-nın Avroliqaya etdiyi ilk rəsmi təklifin geri çevrilməsi olub. Təklifin yalnız mövcud səhmdar klubları əhatə etməsi səbəbindən heç bir səhmdar ona dəstək verməyib. Buna baxmayaraq, tərəflər arasında gələcək əməkdaşlıq ehtimalı tamamilə istisna olunmur.
Hazırda plana əsasən, 13 əsas səhmdar klubun daimi françayza çevrilməsi nəzərdə tutulur. Əlavə 8 yeni françayz üçün isə seçim prosesi davam edir və namizədlərin təklifləri araşdırılır.
Qeyd olunur ki, Avroliqa ilə anlaşma baş tutmayacağı təqdirdə, NBA 2027/28 mövsümündə 16 komandanın mübarizə aparacağı "NBA Europe" adlı yeni liqa yaratmağı planlaşdırır. Bu addımın Avropa basketbol bazarında ciddi maliyyə və hüquqi qarşıdurmaya yol açacağı gözlənilir.


