NBA-nın ulduz oyunçusu Kavai Lenard 2024-cü ildə əmisi Dennis Robertson ilə birlikdə bir neçə hüquqi şəxs vasitəsilə "Rod-Aylend" futbol klubunun və onun yeni stadionunun sahibləri sırasına daxil olub.

Offsideplus.az xəbər verir ki, Lenardın bu layihədə iştirakı uzun müddət gizli saxlanılıb və bu barədə məlumat yalnız jurnalist Pabllo Torre və Hunterbrook nəşrinin araşdırmasından sonra üzə çıxıb.

"Rod-Aylend" klubu 2019-cu ildə stadion, ətraf ərazilərin inkişafı, otel və yaşayış komplekslərinin tikintisini nəzərdə tutan layihə təqdim edib. Bu layihə üçün klub ştatdan yalnız yaşayış evlərinin inşasına sərf olunması şərti ilə maliyyə alıb.

Lakin 2022-ci ildə artan xərcləri əsas gətirən klub rəhbərliyi dövlət vəsaitlərinin bir hissəsini stadionun tikintisinə yönəldə bilib və bu gündən etibarən ictimai maliyyələşmə və vergi güzəştlərindən yararlanmağa davam edir.

Hazırda layihəyə vergi ödəyicilərinin ümumilikdə 60 milyon dolları sərf olunub, lakin hələ bir kvadratmetr də olsun yaşayış sahəsi istifadəyə verilməyib. "Centreville Bank Stadium" ötən il açılıb və onun tikintisinə 130 milyon dollar xərclənib.