"Düşünürəm ki, ilk oyunun nəticəsi olaraq, cütün güclü tərəfi bizik. Meydançada yaxşı nəticə üçün oynayırdıq. Oyun 2:2 hesabı ilə də bitə bilərdi, ancaq bunun fərqi yoxdur. Əsas odur ki, yaxşı oynadıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri Sloveniyanın "Çelye" klubunun baş məşqçisi Albert Riera Avropa Liqasının birinci təsnifat mərhələsində bu gün Bakıda "Sabah" üzərində 3:2 hesablı qələbədən sonra deyib.
İspan çalışdırıcı qalib gəlməklərinə baxmayaraq, arxayınlaşmağa gərək olmadığını söyləyib: "Sabah"ın vurduğu qollarda fərdi səhvlər etdik. Bəli, futbolda fərdi səhv edilə bilər, sevindirici məqam odur ki, biz komanda olaraq istədiklərimizi meydanda reallaşdıra bildik. Ona qalsa Zinəddin Zidan da səhvlər edirdi. Əlbəttə ki, mərhələni adladığımızı bəri başdan əminliklə demək olmaz. Bizi qarşıda ikinci oyun gözləyir. Cavab matçına sanki 0:0 hesabı ilə çıxacağıq. Biz təkrar görüşdə hər şeyə - hətta penaltilər seriyasına hazırıq. Sadəcə, bunu indidən düşünmək istəmirəm. Ancaq bu baş verərsə, biz buna hazır olacağıq. İkinci görüşdə ola bilsin ki, dəyişiklik edəcəyəm. Heyətdəki bütün oyunçulara güvənirəm".
Qeyd edək ki, "Çelye" və "Sabah" arasında cavab görüşü iyulun 17-də Sloveniyada gerçəkləşəcək.



