Türkiyə futbolunda gözlənilməz istefa yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Qaziantep FK" klubunun baş məşqçisi Burak Yılmaz vəzifəsindən istefa verdiyini açıqlayıb. Gənc mütəxəssis ayrılıq qərarını elan edərkən Türkiyə Futbol Federasiyası ("TFF"), Mərkəzi Hakemlər Komitəsi ("MHK") və hakem korpusunu hədəf alan çox sərt bəyanatlar verib.
Burak Yılmaz istefa açıqlamasında klubdakı fəaliyyətini uğurlu hesab etdiyini bildirib:
"Bu gün etibarilə istefa verirəm. Allah hər kəsin yolunu açıq etsin. "Qaziantep FK"ya təşəkkür edirəm. Aslan kimi gəldim və komandanı liqada saxladım. Bir çox tanınmış məşqçidən fərqli olaraq mən uğursuzluq yaşamadım."
Məşqçi Türkiyə futbolundakı idarəçiliyi və hakim qərarlarını kəskin tənqid edib:
"MHK sədri Ali Kıran sanki "baş kəsən" kimidir, keyfi yerindədir. Onu kim qoruyur? Əlbəttə ki, böyüklər qoruyur. Çox rahatdırlar.
TFF ilə problem yaşadığım üçün bunun əvəzini "Qaziantep FK"dan çıxırlar. Hakimlər rahat-rahat bizi "doğrayırlar". Bu MHK sədrinə niyə toxunulmur? Türk futbolunun keyfiyyəti yerlərdədir."
Burak Yılmaz klub daxilindəki çətinliklərdən də bəhs edərək, sahədən çox futbolçuların maaşını düşündüyünü qeyd edib:
" 15 gündür klubda tək başınayam. Prezidentimiz ağır əməliyyat keçirib. Futbolçular hər gün yanıma maaş üçün gəlirlər. Mən niyə maaş haqqında düşünməliyəm? Mən oyuna köklənməliyəm. Özüm cüzi məbləğ alıram, hətta futbolçuların maaşlarını, mükafatlarını ödətdirmək üçün çalışdım. Amma belə davam edə bilməz."



