İngiltərə futbolu bu mövsümdən etibarən qapıçıların zədə simulyasiyası vasitəsilə oyunu dayandırmaq taktikasına qarşı sərt addım atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, yeni plana əsasən, matçlar zamanı qapıçıların müalicə bəhanəsilə taktiki fasilə götürmək imkanları məhdudlaşdırılacaq.
Tətbiq ediləcək yeni qaydaya görə, əgər hakim qapıçıya tibbi yardım göstərilməsinə icazə verərsə, komandanın meydandakı başqa bir futbolçusu ən azı bir dəqiqəlik meydanı tərk etmək məcburiyyətində qalacaq.
Son vaxtlar "Arsenal" və "Mançester Siti" kimi nəhəng klubların matçlarında da tez-tez rast gəlinən bu üsul rəqibin təzyiqini qırmaq və oyunun tempini aşağı salmaq üçün istifadə edilirdi. Qapıçılar faktiki olaraq əvəz oluna bilmədikləri üçün tibbi heyəti meydançaya dəvət edərək komandalarına taktiki göstərişlər almaq üçün vaxt qazandırırdılar. Rəsmilər yeni qaydanın bu cür süni fasilələrin qarşısını alacağını və oyunun dinamikasını qoruyacağını düşünürlər.


