İspaniyalı jurnalist Pedro Pikeras "Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın timsalında ölkədə miqrantlara münasibətə toxunub.

Offsideplus.az xəbər verir ki, Pikeras ölkədə sağçı partiyaların miqrantlara qarşı ayrı-seçkiliyi qanuniləşdirməyə çalışdığını bildirib. O, Norveçdə 2011-ci ildə baş vermiş Breyvik terror aktının bu gün baş verən bir çox hadisələrin əsasını qoyduğunu qeyd edib. "Rasizm artmaqdadır. Dünya çempionatının finalında Lamin Yamala hamı heyranlıqla yanaşırdı. Mən küçədə idim, insanların sevinclərini izləyirdim, hamı Lamin Yamala valeh olmuşdu. Elə bil ki, dözümsüzlüyü yalnız az sayda adam qızışdırır, amma məhz onlar ideologiya yaradır. Adi insanlar bu yığmada dərisinin rəngindən asılı olmayaraq heç kimə fərq qoymurdu. Onlar İspaniyaya böyük qələbə qazandıran nümunəvi gəncləri görürdülər. Hər birinə heyran idilər. Hamımız bilirik ki, problem haradan qaynaqlanır. Bizə dünyanı təhrif olunmuş, sinfi, irqçi və ayrı-seçkilik prizmasından təqdim etməyə çalışırlar. Sanki ağdərili olmaq qeyri-adi bir üstünlükdür. Gələcəkdə vəziyyət daha da pisləşəcək", – Pikeras RTVE efirində deyib.

Xatırladaq ki, 22 iyul 2011-ci ildə Norveçdə Anders Breyvik gənclər düşərgəsində və Osloda törətdiyi terror aktları nəticəsində 77 nəfəri qətlə yetirib, 319 nəfər isə yaralanıb. 2012-ci ildə Breyvik 21 il müddətinə azadlıqdan məhrum edilib və cəzası təhlükəli hesab olunduğu halda uzadıla bilər.