Misli Premyer Liqasının 5-ci turu start götürür. Rekordun qırıldığı – ən məhsuldar turu geridə qoyduqdan sonra bu həftəyə də böyük maraq var.
İlk qarşılaşma Yevlaxda keçiriləcək. "İmişli" mövsümdə ilk ev oyununa çıxacaq (bu da nominaldır - red.), "Neftçi" isə ilk dəfə süni örtükdə oynayacaq. Ötən mövsüm "pələnglər" "ağ-qaralar"ı bir dəfə məğlub etmişdi, bir görüşdə isə qolsuz bərabərlik qeydə alınmışdı. Fərid Namazovun idarəçiliyi ilə oyunun necə keçəcəyi maraq doğurur.
Növbəti qarşılaşma sabah Gəncədə olacaq. "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Azər Məmmədovun komandası üçün doğma azarkeşləri önündə baş məşqçisiz "Qəbələ" ilə oynamaq yaxşı fırsətdir. Amma elə də asan oyun gözlənilmir. "Qəbələ" ötən turda "İmişli"ni məğlub etməyi başarmışdı.
Nəhayət ki, "Sumqayıt"ın təqvimi qaydasına düşür. "Kimyaçılar" ilk 4 turda çempionluq iddiasında olan komandalarla qarşılaşdılar. Bir qarşılaşmaları təxirə salınsa da, keçiriləcək. Rəqib də çətindir – "Şamaxı"dır. Amma bundan sonra "Sumqayıt"ın yavaş-yavaş xallar qazanacağını düşünmək olar.
Köçəri həyat yaşayan "Araz-Naxçıvan" isə "Turan Tovuz"u qəbul edəcək. Görüşünün maraqlı keçəcəyini təxmin etmək olar. "Turan Tovuz" son görüşdə qalib gəlsə də, düşərgədə vəziyyət heç də yaxşı deyil. Hər oyunda qələbə təzyiqi komandaya mənfi təsir edə bilər. "Sumqayıt"ın aparıcı üzvlərindən Aleksa Yankoviç də transfer edilib, görək, necə olacaq.
Mərkəzi qarşılaşma Zirədə keçiriləcək. Qəsəbənin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Liderlik uğrunda amansız görüş olacağından şübhə yoxdur. Ötən tur "Sabah"a böyük hesabla məğlub olan Rəşad Sadıqovun komandası "Qarabağ"dan azı bir xal almaq üçün əlindən gələni edəcək. 12 mövsümdən sonra yalnız daxili yarışa köklənən "kəhər atlar" çempionluq yolunda bu sınaqdan qalib ayrılmaq istəyir.
Tura Sumqayıtda yekun vurulacaq. Dünən Mançesterdə "qırmızı şeytanlar"ın qonağı olan "Sabah" "Socar Polymer Arena"da "Şəfa" ilə qarşılaşacaq. Favoritin kim olduğundan danışmağa dəyməz, amma "Sabah"ın hansı heyətlə meydana çıxacağı olduqca maraq doğurur. Hər halda, "Sabah"ın debütantla oyunda xal itirəcəyi inandırıcı görünmür.


