Ötən gün aşağı yaş qruplarından ibarət milli komandalarımızın baş məşqçiləri bəlli olub. 

Offsideplus.az məşqçilər haqqında məlumatları təqdim edir:

U-15 yığmasının baş məşqçisi Aleksandr Qross: 33 yaşlı çalışdırıcı ölkəmizə yad deyil. Bakıda doğulub, futbolçu karyerasını Azərbaycanda keçirsə də, zədələrə görə erkən başa vurmaq məcburiyyətində qalıb. "İnter", "Sumqayıt", "Neftçi" kimi klublarda oynamış Qross "Sabah"da da məşqçi kimi çalışıb.

U-16 yığmasının baş məşqçisi Famil Xəlilov: Gənc olsa da, təcrübəlidir. 2020-ci ildən etibarən "Qəbələ" akademiyasının çalışdırıcısı olub. Hazırda "Qəbələ"də oynayan bir çox yerli futbolçunun yetişməsində əvəzsiz rolu var.

U-17 yığmasının baş məşqçisi Emin Mustafayev: 36 yaşlı mütəxəssis "Qarabağ" yetirməsidir. 2018/19 mövsümündə karyerasını başa vurub. UEFA-nın B məşqçilik kateqoriyasına malik Mustafayev 2019-cu ildə "Neftçi"də Aqil Nəbiyevin köməkçisi olaraq çalışıb. Ötən ildən etibarən isə U-17 və U-18 millilərində köməkçi məşqçi kimi fəaliyyət göstərib.

U-18 yığmasının baş məşqçisi Mahmud Qurbanov: Futbolçu kimi hər birimiz onu "professor" ləqəbi ilə tanıyırıq. Əsas milli komandada müxtəlif dövrlərdə köməkçi kimi çalışıb, U-17 yığmasının da baş məşqçisi olub. Son iş yeri isə "Səbail" idi. O, yeni təyinatı ilə bağlı təəssüratlarını saytımızla bölüşüb: "İndi hədəflər, heyət və korpus barədə nə isə deyə bilməyəcəyəm. Yaxın günlərdə hər şey bəlli olacaq".

U-19 yığmasının baş məşqçisi Elgiz Kərəmli: Futbolçu karyerasını zədə səbəbindən erkən bitirsə də, baş məşqçi kimi uğurlu görünür. "Şəfa" ilə iki mövsüm əvvəl 2-ci liqada ikinci yeri tutaraq 1-ci liqaya yüksələn gənc mütəxəssis, ötən mövsüm klubu çempion edərək Premyer Liqaya çıxardı. Qeyd edək ki, Elgiz Kərəmli Azərbaycan futbolunun əfsanəvi futbolçularından biri olan Nazim Əliyevin oğludur.