Bir il öncəyə qədər paytaxtın Zirə kəndi gözümə çox uzaq bir məkan kimi görünürdü. Lakin məsafəyə öyrəşdikcə yol gözündə kiçilir. Ötən mövsüm kubok oyunları da daxil olmaqla, “Zirə”nin 19 ev matçının 17-də bu stadionda idim. 2026/27 mövsümünün debütünü də elə Zirədə etdim.

Oyunun başlama saatı öyrəşdiyimiz vaxtdan bir qədər gec idi – 21:00. Matçın startına 40 dəqiqə qalmış artıq Zirədə idim. Təəssüf ki, kənd sakinləri arasında oyun ab-havası hiss olunmurdu; mövsümün başlamasından, “Zirə”dən danışan eşitmədim. Stadionun ətrafında isə hər iki komandanın azarkeşləri var idi. “Şəfa” tərəfdarlarının necə formalaşdığı, nə tez azarkeşə çevrildiyi barədə sual versəniz, əlimdə sübut olmadığı üçün dəqiq cavab verə bilməyəcəyəm.

Keçək oyuna. Hər iki komandada fərq yaradan futbolçular var idi. Eren Aydını artıq “Zirə”nin lideri adlandırmaq olar. Təəssüf ki, Georgi Papunaşvili hələ də optimal formasından uzaqdır. Eren isə həm oyunun idarə olunması, həm də qol duyumu baxımından “qartallar”ın daxilində ən yaxşısıdır. Yeni transferlərdən Vieyrinya özünü yaxşı tərəfdən göstərdi və aktiv oyunu ilə diqqət çəkdi. O, Ayron Qomisin yoxluğunu hiss etdirməyə bilər. Ayxan Hüseynov və Bayere Lue orta səviyyəli təsir bağışladılar. Amin Seydiyev isə bildiyimiz kimi – hər zamanki dinamik, amma dağınıq oyununu nümayiş etdirdi.

“Şəfa”da Treyvon Fuller, Musa Kvel və Dilan Mertens də yaxşı təsir bağışladı. Hiss olunurdu ki, Fullerə topu ələ keçirdikdən sonra Kveli tapmaq tapşırılıb və bu tandemin işi pis alınmırdı. Lakin meydanda komandalararası səviyyə fərqi aydın görünürdü. “Şəfa”nın debütant olması özünü büruzə verirdi. “Zirə”nin ilk dəqiqələrdən qurduğu təzyiq tezliklə qolun gələcəyindən xəbər verirdi. 41-ci dəqiqədə Erenin vurduğu qol türkiyəli hücumçunun ustalığını bir daha nümayiş etdirdi. İkinci yarıda hücumlar nisbətən balanslaşsa da, səhnəyə İssa Cibrila çıxdı.

Bu futbolçu haqqında nə deyilsə azdır. Ötən mövsüm onun meydanda olduğu heç bir çempionat qarşılaşmasında “Zirə” məğlub olmamışdı. Oyundan sonra Rəşad Sadıqova onun fiziki hazırlığında fərq olub-olmadığını və individual söhbət edib-etmədiyini soruşdum. Baş məşqçi həm fiziki yükləmələrin dəyişdiyini, həm də futbolçu ilə fərdi danışıq apardığını etiraf etdi. Qısası, Cibrilanın qolu matçın taleyini həll etdi.

Beləliklə, Misli Premyer Liqasının I turunda “Zirə” “Şəfa”dan üstün oldu. “Qartallar” mövsüm boyu avrokubok zonasında qalmaq və liderlər sırasında yer almaq üçün əlindən gələni edəcək. Bunun üçün onların həm gücü, həm də təcrübəsi var. “Şəfa”ya da uğurlar arzulayırıq. Ümid edək ki, yeni transferləri ilə mövsümün gedişində bizi müsbət mənada təəccübləndirəcəklər.