Mövsüm başa çatandan bəri “Kəpəz”də baş məşqçi müəmması var. Azər Bağırovun rəhbərliyin təklifi geri çevirib “Şamaxı”nı seçməsindən sonra Gəncə təmsilçisi yeni məşqçi axtarışındadır.
Namizədlər arasında yerli və əcnəbi mütəxəssislər olduğu deyilir. Mediada yazılanlara inansaq, əsas hədəflərdən biri 4 mövsüm əvvəl də komandanı çalışdırmış Azər Məmmədovdur. Gəlin, düşünək. Belə qərar verilsə, nə dərəcədə düzgün olar?
Azər Məmmədov 2023/24 mövsümündə komandaya baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında komanda “Sabah”, “Zirə” kimi kollektivlərdən xal almışdı, “Neftçi”ni məğlub etmişdi. Məğlubiyyətlərin sayı daha çox olsa da, intizamlı, istəkli “Kəpəz” görünürdü. Futbolçularla yaxşı yola getməyi ilə seçilən Məmmdov həm də “Kəpəz”sevərdir. Gəncədə doğulub. Düzdür, daha əvvəl uğursuz gəncəlilər gəlib, amma Azər bəyə futbolçuların da rəğbətinin olduğunu demək olar.
Əsas fərq ondan ibarətdir ki, həmin vaxtda klub elitaya yeni yüksəlmişdi. İndi isə təcrübə var. Buna görə Gəncəni, “Kəpəz”i sevən Məmmədov komandaya ruhunu qoyaraq uğurlu kollektiv formalaşdıra bilər.
Əslində Jorj Kaşkilya, Mahmud Qurbanov və başqa mütəxəssislərin də adı “Kəpəz”lə hallanırdı. Amma Kaşkilya minimal büdcə ilə “İmişli”də yaxşı iş çıxardı. Əlində şərait olandan sonra “başgicəllənməsi” yaşayan məşqçiləri az görməmişik. Ona görə portuqaliyalının gətirilməsi risk olar. Mahmud Qurbanov özü işləmək istəsə də, yəqin ki, onun məşqçilik karyerası erkən başa çatıb.
Ona görə də, Azər Məmmədov variantı ən uyğun seçimdir. Bundan həm azarkeşlər razı qalar, həm də uğurlu nəticə nə qədər doğru qərar olduğunu sübut etdirər.


