"Qarabağ" DÇ-2026-nın iştirakçısını transfer edib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi və Xorvatiyanın “Riyeka” klubu arasında danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “Qarabağ”a transfer olunub.

Bosniya və Herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya keçib.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxan Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində komandamızın beşinci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa “Qarabağ”a qoşulub.