İyunun 21-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsindən əvvəl əsas kartın döyüşçüləri mətbuat konfransında jurnalistlərin önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, UFC-də debüt edəcək idmançımız Tofiq Musayev döyüşü ilə bağlı fikirlərini bölüşüb, sualları cavablandırıb. 

“UFC hər bir idmançının arzusudur. Başqa bir səviyyədir. Şükürlər olsun ki, bu qismət olub, Bir çox təşkilatlarda döyüşmüşəm. Yarışa yaxşı hazırlaşmışam. Hər şey plan üzrə gedir. Rəqibi analiz etmişəm, inşallah ki, qələbə bizimlədir”. 

O, 35 yaşında UFC-də debüt etməsinə münasibət bildirib: “Bu yaş mənim üçün sadəcə rəqəmdir. Yaşı fikirləşənlər üçün UFC-yə gəlməyə ehtiyac yoxdur”.

Tofiq Musayev rəqibi olan qırğızıstanlı döyüşçü Mıktıbek Orolbayı dəyərləndirib: “Mənə layiqli rəqibdir, heç vaxt zəif rəqiblə döyüşmək fikrim olmayıb. İdmanda biri qalib gəlir, biri uduzur. Rəqib bizi ciddiyə alır və almalıdır. Məncə, bir-birimizə layiqli rəqibik. Hər bir döyüşçünün öz planı var, buna əsasən irəliləməyə çalışacağıq. Döyüşə necə başlayacağıqsa, elə də bitirəcəyik”. 

T. Musayev gənc azərbaycanlı döyüşçülərin onun gəlişindən sonra UFC-də sayının artacağına inanır: 

“Düşünürəm ki, bunun ardı gələcək. Və gəlməlidir. Bir çox idmançılar can atırlar ki, iştirak etsinlər". 

Tofiq qırğız mətbuatının onun Orolbay ilə döyüşdə iştirak etmək istəməməsi barədə iddialarına da cavab verib:

"Karyeramda elə bir şey olmayıb ki, kimlə isə döyüşdən imtina edim. Bunu özümə yaraşdırmaram. Həmin vaxt döyüş rəsmi olmadığı üşün qırğızlar bunu özləri paylaşmışdı. UFC təsdiq edəndən sonra, hansı döyüşçü olursa olsun, Orolbay və ya digəri olsun, imtina etmərəm. Heç kim digərindən artıq deyil".