Xabib Nurmaqomedov UFC 229-da Konor Makqreqor üzərində qələbə qazansa da, bu döyüşün onun üçün asan olmadığını etiraf edib. O, həmin qarşılaşmanın karyerasının ən çətin psixoloji sınağı olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Nurmaqomedov bu barədə Lex Fridmana verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, Makqreqorun şəxsi həyatı və ailəsi ilə bağlı sərt çıxışları, döyüşə hazırlıq prosesini daha da gərgin edib. "Döyüş psixologiyadır, bu bir zehni oyundur. O dövrdə mənim üçün ən çətin döyüş idi. Amma daha çətin sınaq sonradan gəldi," – deyə Xabib vurğulayıb.
O, daha ağır psixoloji yükü isə 2020-ci ilin oktyabrında Castin Geyciyə qarşı vida döyüşündə yaşadığını qeyd edib. Həmin vaxt atası və məşqçisi Abdulmanap Nurmaqomedovun vəfatı Xabibi sarsıdıb. "Ən çətini atamı itirmək idi. Özümü toparlamaq çox çətin oldu. Hər şey üst-üstə yığılmışdı. Atam yox idi və məşqlər də əvvəlki kimi deyildi. Amma psixoloji cəhətdən tam ayıq qaldım," – deyə Nurmaqomedov əlavə edib.
Makqreqorla döyüşün çətinliyinə gəlincə, Xabib onun ailə və din mövzusunda sərhəd tanımayan açıqlamalarının xüsusi təsir etdiyini bildirib. "Makqreqorun danışığı, yaratdığı atmosfer, ailə və dinə toxunması döyüşü fərqli səviyyəyə çıxardı. Bir tərəfdə özünü yaxşı tanıdan çempion Makqreqor, digər tərəfdə isə heç kim tanımadığı, dağlardan gələn məğlubedilməz biri. Bu qarşıdurma süni deyildi, həqiqi rəqabət idi və məhz buna görə də döyüş idmandan kənara çıxıb böyük maraq doğurdu," – deyə Nurmaqomedov qeyd edib.


