Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiya yığmasına 0:2 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında oyunu şərh edib:

"Xal qazanmaq istəyirdik. Buna inanırdıq. Təəssüf, məğlub olduq. Rəqibin gücü bəlli idi, son oyuna şanslarını saxlamaq istəyirlər. Yaxşı komandadır, Ukrayna ilə müqayisə etsək, komanda kimi daha yaxşı təsir bağışlayırlar. Sadə qollar buraxdıq. İkinci hissədə daha yaxşı idik. Sona qədər mübarizə apardıq. Son oyunumuza - Fransaya qarşı matça hazırlaşacağıq". 

A.Abbasov Fransa ilə növbəti görüş barədə bu sözləri deyib:

"Hazırlıqlar zamanı beynimizdə fikir var idi. Rüstəmin sarı vərəqə limitinə düşməsi planımızı pozdu, onu əsas heyətdə düşünürdük. Rəqib Fransadır, danışmağa dəyməz. Oynayacağıq. Səfərdə mübarizə apardıq. Qəbul etmək istəmirik, amma həqiqətən də çox çətin qrupdur". 

Qeyd edək ki, yığmamızın növbəti matçı noyabrın 16-da Fransaya qarşı olacaq.