UEFA Donald Trampın sülh təşəbbüsündən sonra İsrailin Avropa yarışlarından uzaqlaşdırılması ilə bağlı planlarını təxirə salıb.

Offsideplus.az xəbər verir ki, qitənin ali futbol qurumu gələn həftə fövqəladə iclas keçirməyi müzakirə edirdi.

Xəbərlərə görə, komitə üzvlərinin əksəriyyəti sanksiyanın lehinə idi. Lakin ABŞ prezidenti Trampın Qəzzada müharibəni dayandırmaq üçün təqdim etdiyi sülh planı UEFA-nı gözləmə mövqeyinə çəkib.

Trampın 20 maddəlik planı demilitarizasiya və yenidənqurma prosesini əhatə edir. Plan qəbul olunacağı təqdirdə, keçmiş Böyük Britaniya Baş naziri Toni Bleyerin də üzv olduğu, Trampın rəhbərlik edəcəyi “Sülh Şurası” müvəqqəti olaraq Qəzzanın idarəsini həyata keçirəcək. Bu təşəbbüsə artıq 8 ölkə dəstək verib.

İsrail 1984-cü ildən UEFA üzvüdür. Onun klublarının Avropa turnirlərində iştirakı bir sıra Avropa komandaları və azarkeşlər arasında narazılıq doğurub. Hətta avqustda keçirilən Superkubok finalında “Uşaqları öldürməyin, mülki insanları öldürməyin” şüarı yazılmış UEFA banneri açılmışdı.

Bəzi Avropa klubları İsrail komandaları ilə qarşılaşmaqdan yayınmaq istəsələr də, UEFA-nın qadağa qərarı qəbul olunarsa belə, bu, İsrailin Dünya Çempionatı seçmə oyunlarına təsir etməyəcəkdi. Çünki həmin turnir FİFA tərəfindən təşkil olunur.